İngiltərə Liqa Kubokunda 1/4 finala “Liverpul” – “Vest Hem” oyunu ilə yekun vurulub.
Mersisaydlılar əsasən ehtiyat qüvvə ilə görüşə başlamalarına baxmayaraq, qalib gəlməkdə çətinlik çəkməyiblər. 28-ci dəqiqədə Dominik Soboslai hesabı açmaqla yerli azarkeşləri sevindirib. 2-ci hissənin əvvəlində qonaqlar 2-ci dəfə məyus olublar. Bu dəfə Körtis Cons qapını dəqiq nişan alıb. 71-ci dəqiqədə hesab 3:0 olub. Kodi Qakpo hədəfdən yayınmayıb. 77-ci dəqiqədə Carrod Bouen buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli olub. Qalan vaxtda oyuna sonradan daxil olan Trent Aleksandr Arnold 2 məhsuldar ötürmə ilə diqqət çəkib. Məhəmməd Salah və Körtis Cons isə qol müəllifi olub. Beləliklə 5:1 hesablı qələbə qazanan “Liverpul” turnirin yarımfinalına adlayıb. Finala gedən yolda komandanın rəqibi Londonun digər təmsilçisi “Fulhem” olacaq. Qeyd edək ki, yarımfinal mərhələsində cütün taleyi 2 oyundan sonra müəyyənləşəcək. İlk görüş gələn il yanvarın 8-də “Liverpul”da olacaq. Əlavə edək ki, Liverpulun eyni adlı klubu ingiltərə liqa kubokunda 9 dəfə fəxri mükafati qazanmaqla bu göstəricidə rekordçudur.